www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Köşə » “Sosial siyasətdə ünvanlılıq prinsipi başlıca şərtdir” - Millət vəkili Könül Nurullayeva yazır

“Sosial siyasətdə ünvanlılıq prinsipi başlıca şərtdir” - Millət vəkili Könül Nurullayeva yazır

Biz 44 günlük savaşda vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu gördük. 


Ermənistanda fərarilik maksimum həddə çatdığı halda, Azərbaycanda ordudan yayınma ilə bağlı bir fakta belə rast gəlinmədi. Hər kəsə məlumdur ki, Vətən müharibəsində Ermənistan işğalçılıq müharibəsi aparırdı. Öz dövlətinin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan əsgəri isə tərəddüd belə etmədən şəhidlik zirvəsinə ucalaraq öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirdi. Dövlət isə bu fədakarlığı dəyərləndirir. Bu kateqoriyadan olan insanların və ümumilikdə əhalimizin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu həftə Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da ardıcıl həyata keçirilən sosial layihələrdəndir. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ilə 1512 ailənin məişət problemi həll olundu. Üstəlik, bu ərazidə sosial infrastruktur ən yüksək standartlar səviyyəsində qurulub.
Ümumiyyətlə, dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.
Ehtiyacı olan bütün qazilərə də dövlət dəstəyi davam etdirilir. Bu həftə Şağan qəsəbəsində açılışı olan reabilitasiya mərkəzi minlərlə qazinin hər il müalicə almasını, reabilitasiyadan keçərək, sağlamlığının bərpa olunmasını təmin edəcək. Eyni zamanda 300-dən çox qazimizin protezlərlə təmin edilməsi də bu sahədə atılan vacib addımlardandır. Bir sözlə, dövlət şəhid ailələri və müharibə qaziləri üçün əlindən gələni edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə qazisi dövlət tərəfindən mənzillərlə təmin edilib. İstər Birinci, İstərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillərlə təmin olunması nəzərdə tutulur. Paralel olaraq, müharibə qazisinə 7200-ə yaxın minik avtomobili verilib.
Ən vacib məqamlardan biri də odur ki, vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, sağlamlığını vətən uğrunda itirən qazilərimizə sosial dəstək proqramları heç bir halda təxirə salınmır. Qlobal miqyasda iqtisadi böhran vəziyyətinə rəğmən bütün layihələr vaxtında, hətta nəzərdə tutulduğundan tez icra olunmaqdadır. Bu mənada Azərbaycanda həyata keçirilən sosial siyasət bir çox üstünlüklərinə görə fərqlənir.
Qəhrəman oğullarımız şücaəti, fədakarlığı cəmiyyətin hər bir üzvü üçün örnək olduğu kimi, dövlətin şəhid ailələri və qazilərə yanaşması da nümunəvi xarakter daşıyır.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?