www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Köşə » Minalanmış, yandırılmış, talanmış Kəlbəcər, sən azadsan - Etibar Toğrul yazır

Minalanmış, yandırılmış, talanmış Kəlbəcər, sən azadsan - Etibar Toğrul yazır

15 noyabr qədim Kəlbəcər rayonunun azad olduğu gün kimi tarixə düşdü.

Aşıq Şəmşirin, Ağdabanlı şair Qurbanın, Bəhmən Vətənoğlunun, Aşıq Bəstinin, Əvəz Şükürovun, Məmməd Aslanın, şəhidlər Şahlar Şükürovun, Rasim Piriyevin,  Ədalət Zeynalovun və on minlərlə nigaran ruhlu kəlbəcərlilərin ruhu nəhayət şad oldu. Kəlbəcər azad oldu...
Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.
71 mindən çox kəlbəcərlinin yurd həsrətinə son qoyuldu. Kəlbəcər azad oldu...
Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonu bu gün Azərbaycanın tam nəzarətinə keçdi. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən bu sənədin imzalanmasına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlar, 300-ə yaxın kəndin, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərlərinin, 4 qəsəbənin, çoxsaylı strateji yüksəkliklərin azad olunması səbəb oldu. Müzəffər Ordumuz düşməni təslim olmağa məcbur etdi. Nəticədə Kəlbəcər azad oldu...
27 ildən artıqdır ki, Kəlbəcəri unudulmağa imkan verməyən, bu qədim diyarın tarixini, corğafiyasını, tarixi şəxsiyyətlərini yeni nəslə çatdıran kəlbəcərli qələm dostlarımı, Kəlbəcəri görməyən məktəblilərdə yurda məhəbbət hissini və doğma yurda qayıdış inamını aşılayan kəlbəcərli pedaqoqları bu tarixi gün münasibəti ilə təbrik edirəm. Gözləriniz aydın olsun, Kəlbəcər azad oldu...
Kəlbəcəri 27 ildir əsarətdə saxlayan məkirli düşmən, məcbur olub səni tərk edərkən, evləri, məktəb binalarını od vurub odlayıb, sərvətini bir daha talan etdi. Düşmən bir daha öz cılızlığını göstərdi. Ancaq, sonunda sən azadsan, Kəlbəcər.
Ərazisi işğal olunmuş digər rayonların sakinləri məndən inciməsin, Kəlbəcər ictimaiyyətinin bir müsbət keyfiyyətini qeyd etmək istəyirəm.
Bu 27 ildə Kəlbəcər rayonundan olan iş adamları, imkanlı şəxsləri, dövlət vəzifəsində çalışanlar heç bir kəlbəcərli məcburi köçkünü maddi sığıntı çəkməsinə, işsiz qalmasına, xəstəsinin müalicə oluna bilməməsinə göz yummadılar. Bu rayon əhalisinin birliyi və comərdliyi nəticəsində heç bir Kəlbəcər ailəsi öz problemli ilə tək qalmadı. Hər bir probleminin həllində öz həmyerlilərini yanında gördü. 27 il ərzində həmyerlilərinə dəstək olan geniş ürək sahiblərini xüsusi təbrik edirəm və deyirəm: - Kəlbəcərin torpağı, havası, suyu, bütün sərvətləri sizin halalınızdı.
Bir daha gözünüz aydın olsun, Kəlbəcər yarası ilə yaşayan əziz kəlbəcərlilər.
Növbə Ağdamın və Laçınındı.
Qarabağ Azərbaycandır!

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?