www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Qarabağ » Ramin Məmmədov: 44 günlük müharibə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

Ramin Məmmədov: 44 günlük müharibə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

“Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza atmaqla həm də regionda fərqli bir mənzərənin formalaşmasına nail oldu. Bu, bütün Cənubi Qafqazın həyatında yeni bir tarixi dönəmin başlanması deməkdir”. Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusunun qələbəsinin yaratdığı yeni reallıqlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Çünki güclü ordu bölgədə sülhə və təhlükəsizliyə təhdid yarada biləcək amillərin aradan qaldırılmasında mühüm və bir çox hallarda həm də həlledici faktordur.
Millət vəkili qeyd edib ki, 1990-cı illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasının əsas səbəblərindən biri də məhz nizami ordunun yoxluğu idi: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl və sistemli formada silahlı qüvvələrin formalaşdırılması prosesinə başlanıldı. Ulu öndərin zəngin təcrübəsi, geniş dünyagörüşü, dövlətçilik təfəkkürü sayəsində Azərbaycanda ordu quruculuğu prosesi uğurla həyata keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti davam etdirərək, silahlı qüvvələrin müasir hərbi texnika ilə təchiz olunması, müdafiə sənayesinin inkişafı, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edən tarixi əhəmiyyətli addımlar atdı. Vətən müharibəsində qazanılan qələbə məhz ötən dövrdə güclü ordunun qurulması istiqamətində görülən işlərin məntiqi nəticəsi oldu”.
Ramin Məmmədov hesab edir ki, bu gün Azərbaycan ordusunun texniki təchizat və döyüş hazırlığı baxımından Cənubi Qafqazın ən güclü ordusu kimi xarakterizə edilməsi bu sahəyə ötən müddətdə nə qədər böyük zəhmət sərf edildiyini təsdiq edir. Təsadüfi deyil ki, Vətən Müharibəsində tətbiq olunan hərbi strategiya və taktikalar dünyanın ən güclü ordularına malik dövlətləri tərəfindən də maraqla qarşılanıb.
“Mən əminəm ki, zaman keçdikcə, biz bu qələbənin miqyasını, əhəmiyyətini və onu təmin edən amillərin nə qədər çətin başa gəldiyini daha düzgün analiz edib qiymətləndirə biləcəyik. Azərbaycan Müzəffər Ali Baş Komandanının rəhbərliyi, əsgərlərimizin, hərbçilərimizin fədakarlığı, xalqımızın həmrəyliyi sayəsində bir vaxtlar çoxlarına həlli mümkünsüz görünən bir problemi həll etməyə nail oldu. Bu baxımdan, 44 günlük müharibə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Buna görə də biz 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü indi tamamilə başqa bir əhval-ruhiyyədə qeyd edirik.”
Millət vəkili bildirib ki, 44 gün ərzində 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, düşmənin 30 il ərzində inşa edərək möhkəmləndirdiyi müdafiə xəttinin qısa müddətdə dağıdılması Azərbaycan ordusunun gücünün göstəricisidir. Ramin Məmmədov məhz bu gücün düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyini vurğulayıb.

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?