www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Deputat: 30 il ərzində Minsk Qrupu təcavüzkarı müdafiə edən bir quruma çevrildi

Deputat: 30 il ərzində Minsk Qrupu təcavüzkarı müdafiə edən bir quruma çevrildi

“İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çataraq Dağlıq Qarabağ probleminə son qoydu. Öz haqqını bərpa etmək baxımından bu zəfər nəinki çağdaş dövrün, ümumiyyətlə, bütün dünyada son onilliklərin nadir hadisələrindən oldu. Bu baxımdan respublikamız işğala son qoymaqla Qərbin siyasi mərkəzlərinin müharibələrin yolverilməzliyi barədə formalaşdırdıqları stereotipləri dağıtdı, öz hüquqlarını təmin etməyin nümunəsini ortaya qoydu. Bu hadisə həm də Azərbaycanın regionda və dünyadakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi: “ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətdə olduqları uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi, ədalətin bərpa edilməsi, təcavüzkarın təcavüzkar kimi qiymətləndirilməsi sayəsində heç bir əməli iş görə bilmədilər. Əslində onlar münaqişəni dondurmağa, baş aldatmağa, erməni faşistlərinə dəstək verməyə çalışırdılar. BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Konfransı, Qoşulmama Hərəkatı və bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar əməllərini təsdiq edən sənədlər qəbul olunmasına baxmayaraq, Minsk qrupu susdu, faktlara obyektiv qiymət vermədi. Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi. Ölkəmiz Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Əfsuslar olsun ki, Ermənipərəst mövqeyini heç bir zaman gizlətməyən, əksinə, hər zaman Ermənistanı açıq-aşkar müdafiə etməyə çalışan Fransa ATƏT-in Minsk Qrupunu yenidən gündəmə gətirməyə çalışır. Onu da qeyd edək ki, Fransa müharibə günlərində də respublikamızı döyüş yolundan döndərmək üçün siyasi-diplomatik təzyiqlərin edilməsinə cəhd göstərirdi.”
Deputat bildirib ki, ATƏT Minsk Qrupu 30 illik fəaliyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində heç bir müsbət irəliləyişə nail olmayıb: “Əksinə, lazımsız səfərlər və bəyanatlarla münaqişənin uzanmasına bais olublar. Minsk qrupu bütün hallarda müşahidəçi rolunu oynadı, ermənipərəst mövqeyi ilə seçildi, təcavüzkara dəstək verdi, həqiqətləri ört-basdır etdi. O, öz hörmət və etibarını tamamilə itirdi, səlahiyyətsiz, haqqı yox, nahaqqı, təcavüzkarı müdafiə edən bir quruma çevrildi.  Lakin gülməlidir ki, müharibə qurtarandan, torpaqlar azad ediləndən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri öz iradəmizlə, gücümüzlə həyata keçiriləndən, münaqişə aradan qaldırılandan sonra və heç bir vasitəçiliyə lüzum olmadığı halda bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də Fransa yenidən Azərbaycan-Ermənistan münasibətlərini qaydaya salmaq, münaqişəni həll etmək üçün səylər göstərməyə, uydurma, əsası olmayan təkliflər irəli sürməyə çalışır.”
A.Məmmədov vurğulayıb ki, artıq bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər, bu barədə düşünməlidirlər: “Çünki status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər yalnız regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilərlər. İndi ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsinə ciddi nəzarət etməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu reallıqları qəbul etməli və ərazi bütövlüyünün təmin edilməsində, milli mənafelərin qorunmasında, beynəlxalq normaların həyata keçirilməsində qalib Azərbaycanla razılaşmalıdırlar. Əks təqdirdə dövlətimizin rəhbərinin bildirdiyi kimi “dəmir yumruq öz yerindədir və Azərbaycan xalqı öz mübarizəsində haqlıdır, yenilməzdir. İstənilən vaxtı hər bir düşmənə öz gücümüzü göstərməyə qadirik.”

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?