www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Siyasət » Anar Məmmədov: Ordumuz Ermənistanın silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı

Anar Məmmədov: Ordumuz Ermənistanın silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək, böyük zəfərə imza atdı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü.

Vətənpərvər xalqımız öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu. Vətən müharibəsi adlandırılan 44 günlük ölüm-qalım savaşında düşmənə ağır zərbələr endirən Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Bu tarixi Qələbədə milli ordu quruculuğu sahəsində həyata keçirilmiş islahatlar: ordumuzun müasir hərbi texnika ilə silahlandırılması, yüksəkixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü və modern orduya sahib olmaq qüdrəti qazandırdı.”
Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa çarəsi qalmadı: “Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. 26 iyun-Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi bəyanatlar tarixi torpaqlara qayıdışla bağlı verdiyi mesajlardan daha bir nümunə idi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatmaqla yanaşı, regionda yeni reallıqlar yaradıb.
Bu reallığın əsas cəhətlərindən biri azərbaycanlıların Ermənistan ərazisində tarixi torpaqlarına qayıtmaq şansının yaranmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında Ermənistana yeni dövrün reallıqlarına uyğun olaraq yeni şərtlərini ünvanladı: Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək, öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək. Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan keçir.”
Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycana müharibə lazım deyil: “Ölkəmiz istədiyinə nail olub. Artıq Azərbaycanın həyatında yeni dövr – quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq.
Ermənistan Azərbaycanla eyni vaxtda müstəqillik qazansa da işğalçı dövlət formal müstəqilliyi ilə diqqət çəkib. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. İkinci Qarabağ müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb.
Bundan sonra da bütün istiqamətlərdə, xüsusilə hərbi sahədə böyük inkişaf qaçılmazdır. İmzalanan sənədlər, keçirilən təlimlər də bunun təsdiqdir. Ermənistan yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etməsi mümkünsüzdür. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.”
A.Məmmədov vurğulayıb ki, dövlət başçısı hər zaman açıqlayırdı ki, bizim güclü ordumuz var: “Bu möhtəşəm gücü, qüvvəni də Vətən müharibəsi başladığı ilk vaxtdan gördük. Azərbaycan Ordusu döyüşlərdə  ən müasir silahlardan istifadə etdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə reallışdırdı. Silahlı Qüvvələrimiz illərdir Ermənistan ordusunun güclü olduğu barədə uydurduğu mifi darmadağın etdi.”

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?