www.XEBERBIZ.com-Dəqiq xəbər bizdə! » Sosial » Qazilər üzərində “like” toplamağa çalışanlar - ARAŞDIRMA

Qazilər üzərində “like” toplamağa çalışanlar - ARAŞDIRMA

Sosial şəbəkədə döyüldüyü bildirilən qazi Vüqar Məmmədovla bağlı Yeni Azərbaycan Partiyasının Sosial media qrupunun rəhbəri Ramil Vaqifoğlu araşdırma aparıb.

R.Vaqifoğlunun araşdırmasını təqdim edirik:
“Çox maraqlı bir vəziyyətlə qarşı-qarşıyayıq. İnsanlarımız 44 günlük Vətən müharibəsində qazanılmış zəfərlə qürur duyduğu, sevindiyi bir zamanda özünü “bloqer”, “Youtuber” adlandıran bir qrup fürsətcil şəhid ailələrinin, qazilərin üzərindən reytinq qazanmaq arxasınca qaçmaqdadırlar. Əllərində bir telefon “fırtına” yaratmaq, “şok” effekti düzüb-qoşmaq üçün elə bir görüntü formalaşdırırlar ki, guya dövlət qazisinə, şəhid ailəsinə diqqət və qayğı göstərmir.
Qaziləri çəkən “like” toplamaq xəstəliyinə tutulmuşlar, tez-tez “videonu bəyənin və paylaşın” deyən natamam komplekslilər heç bir araşdırma aparmadan, haqqında material hazırladığı qaziyə, şəhid ailəsinə dövlətin hansı dəstəyi verdiyini öyrənmədən çox asan şəkildə dövlət qurumlarını təhdid edir, adlar çəkir.
Əlbəttə, heç kəsdə şübhə də yoxdur ki, həmin kimsələri çəkdiyi qazinin vəziyyəti deyil, “YouTube”yə, yaxud “Facebook”a yerləşdirdiyi videoya neçə “like” və “baxış”ın gəlməsi maraqlandırır. Ona görə də, insanlarımız sosial şəbəkələrdə qazilərimiz, şəhid ailələrimiz haqqında, ümumilikdə ictimai-sosial xarakterli materiallarla, məlumatlarla qarşılaşdırda oradakı informasiyanı tabu kimi qəbul etməməlidir. Eşitdiklərini araşdırmalı, doğru məlumatı əldə etməli və nəticəyə uyğun fikir yürütməlidir. Axı, düşünən insan qaragüruhdan, kütlədən fərqli olduğunu isbat etməlidir.
Əlqərəz, elə ötən gün təsadüfən “Kanal 13”də qazi Məmmədov Vüqar İlqar oğlu haqqında çəkilən videoya baxdım. Qazi müalicəsinə kömək istəyir, ağır maddi vəziyyətindən, işsizlikdən şikayət edir və heç bir qurumun onun ailəsi ilə maraqlanmadığını qeyd edirdi. Doğrusu, ilk baxışda qazinin sosial vəziyyəti haqqında deyilənlər pis təsir etdi. Ona görə də, qərara gəldim ki, məsələni araşdırım, vəziyyətin necə olduğunu dəqiq bilim, sonra da nəticəyə uyğun müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciətlər edim.
Beləliklə də, hazırda qazilər və şəhid ailələri ilə sıx işləyən qurumlardan məlumatlar istədim və ortaya belə bir mənzərə çıxdı. Sən demə, Məmmədov Vüqar İlqar oğlu müharibədə iştirakına və yaralanmasına görə 2750 manat sığorta ödənişi alıbmış. Hələ 2021-ci il 16 mart tarixində “YAŞAT” Fondu Məmmədov Vüqar İlqar oğlunu məişət şəraitinin yaxşılaşdırılması üzrə qeydə də alıbmış. Məhz, qazinin müraciətinə əsasən Fond 2021-ci il 18 mart tarixində Məmmədov Vüqar İlqar oğlunun bank hesabına 2500 AZN vəsait də köçürübmüş. Bundan sonra isə qazinin Fonda başqa müraciəti daxil olmayıbmış.
Eyni zamanda, Məmmədov Vüqar İlqar oğlunun yaralarına uyğun olaraq əlillik təyinatı da olub. Ona müvafiq komissiyanın yoxlamasından keçdikdən sonra II dərəcə əlillik təyinatı həyata keçirilib. Bu səbəbdən də, MAXE olmuş Məmmədov Vüqar İlqar oğlu hərbidəki işindən azad olunub. Lakin əvəzində dövlət tərəfindən Məmmədov Vüqar İlqar oğluna hər ay 130 AZN sosial müavinət və 350 AZN Prezident təqaüdü verilir. Bütün bunlarla yanaşı Məmmədov Vüqar İlqar oğlu özünüməşğulluq proqramı çərçivəsində “İribuynuzlu heyvandarlıq” sahəsi üzrə layihəyə cəlb edilib. Özünə də bildirilib ki, müvafiq təlimləri keçdikdən və biznes planı uğurla müdafiə etdikdən sonra əmlaklarla təmin olunacaq.
Gördüyünüz kimi, qazinin vəziyyəti üzərindən “like” və “baxış” toplamağa çalışanların yalanları belə ifşa olunub. Qazini tamamilə köməksiz, əlacsız vəziyyətdə təqdim edən, dövlət qurumları, müvafiq fondlar tərəfindən qazi ailəsi üçün görülən işlərin heç birinə toxunmayan, əksinə, qaragüruh üçün təhqir meydanı açan həmin bloqqer və “YouTube” kanalının hansı məqsədi güddüyünü siz də başa düşdünüz. Haqqında danışılan qazimiz müharibədən öncə də bu gün dövlətin ona verdiyi müavinət qədər maaş alırdı. Yəni, ailənin gəlir mənbəyində heç bir problem yoxdur. Bəs, bu cür kanalların bilərəkdən qazimizi ələbaxımlılığa öyrətməyinin adı nədir? Bu gün qazilərimiz var ki, hər iki ayağını itirsə də, özünüməşğulluq proqramı çərçivəsində biznesini qurub, qazanır və ailəsini saxlayır. Bəs, nə üçün “Kanal 13” kimi kanallar həmin qaziləri nümunə olaraq təqdim etmirlər?
Demək ki, məqsəd də, məram da aydındır. Sadəcə qazilər, şəhid ailələri üzərindən oyun qurmaq, ictimaiyyəti yalan məlumatlarla aldatmaq və insanlarda dövlət əleyhinə əhval-ruhiyyə formalaşdırmaqdır. Qazilərimizdən, şəhid ailələrindən xahişim budur ki, imkan verməyin, kimlərsə sizdən sözügedən məqsədlərinə çatmaq üçün “like” və “baxış” toplamaq aləti kimi istifadə etsin. Çünki enində-sonunda yenə də dövlət sizin yanınızda olacaq. Amma sizi çəkib müvafiq mərkəzlərdən qrant alanlar, ianə toplayanlar sizi heç xatırlamayacaqlar da. Səbəb isə odur ki, onlar sizə bir layihə obyekti kimi baxırlar...
Allah şəhidlərimizə rəhmət eləsin, ailələsinə səbr, qazilərimizə də can sağlığı versin!”

ŞƏRHLƏR

XƏBƏR LENTİ

SORĞU

Karantin dövründə ən çox hansı Xeyriyyə Cəmiyyətin və ya ictimaiyyət nümayəndəsinin xalqa dəstəyini yüksək qiymətləndiririsiniz?